31.10.2023

Daha bir qrup imtiyazlı şəxs müalicə mərkəzinə yola salındı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən daha 43 nəfər imtiyazlı şəxs yollayışla təmin olunaraq xəstəliklərinə uyğun müalicə mərkəzinə yola salınıb.

Onlar şəhid ailəsi üzvləri və əlilliyi müəyyən edilmiş şəxslərdir. 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər valideynlərindən birinin müşayiəti ilə göndəriliblər.

Yollayışla təmin olunanlar Naxçıvan Muxtar Respublikasındakı “Darıdağ” Arsenli Su Müalicəxanasında bərpa-müalicə kursu keçəcəklər.

Agentlik tərəfindən postmüharibə dövründə ümumilikdə 11000-dən çox imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.