09.04.2025

Deflimpiya hərəkatının inkişafı sahəsində görülən işlər, bu sahədə beynəlxalq qurumlarla gələcək əməkdaşlıq müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Komitəsinin prezidenti Adam Kosa və Avropa Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Təşkilatının prezidenti İosif Stavrakakis ilə görüş olub.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası, cəmiyyətə inteqrasiyasının dəstəklənməsi, yaradıcı potensialının inklüziv mühitdə inkişaf etdirilməsi istiqamətində aparılan işlər barədə məlumat verib. 

Bu kateqoriyadan olan şəxslərin bir qisminin eşitmə məhdudiyyətli şəxslər olduğu, onların da sosial dəstək tədbirləri ilə əhatə edildiyi bildirilib. Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin sayının son illər 4 dəfəyə yaxın artırılaraq 130-a çatdırıldığı qeyd edilib. Həmin növlər sırasında eşitmə məhdudiyyətli şəxslər üçün də bir sıra reabilitasiya vasitələrinin yer aldığı diqqətə çatdırılıb. 

Habelə işarət dilinin ünsiyyət dili kimi rəsmi olaraq tanınması məqsədilə qanunvericiliyə dəyişiklik layihəsinin hazırlanaraq, parlamentdə müzakirə mərhələsində olduğu bildirilib. 

Azərbaycanda paralimpiya hərəkatının daim genişlənərək böyük inkişaf yolu keçməsindən,  idmançılarımızın Paralimpiya Oyunlarında böyük qələbələrə imza atmasından bəhs olunub. Qeyd edilib ki, ölkəmizdə eşitmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi və idman vasitəsilə də cəmiyyətə inteqrasiya imkanlarının artırılması üçün 2023-cü ildə Azərbaycan Deflimpiya Komitəsi yaradılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Azərbaycan Deflimpiya Komitəsi arasında sıx əməkdaşlıq qurulub. Komitə yaradıldığı andan Nazirlik tərəfindən onun fəaliyyətinə dəstək göstərilir,  o cümlədən Komitəyə işarət dili kurslarının təşkili üçün məkanlar ayrılıb.

Deflimpiya hərəkatının inkişafı üçün bu dəstək tədbirlərinin qarşıdakı dövrdə də davam etdiriləcəyi vurğulanıb.

A.Kosa və İ.Stavrakakis Azərbaycanda əlilliyi olan şəxslərin, habelə eşitmə məhdudiyyətli şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası, onların idmana cəlb edilmələri sahəsində aparılan ardıcıl işləri, paralimpiya hərəkatının uğurlarını yüksək qiymətləndiriblər.

Ölkəmizdə deflimpiya hərəkatının inkişafı sahəsində görülən işlər, bu sahədə Beynəlxalq Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Komitəsi və Avropa Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Təşkilatı ilə gələcək əməkdaşlıq müzakirə olunub.