Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən əlilliyi olan daha 6 gənc Türkiyədə peşə dərnəklərində təcrübə kursları keçmək üçün qardaş ölkəyə yola salınıb.
Onlar 2 ay ərzində Türkiyənin Ankara və Antaliya şəhərlərində müvafiq peşə dərnəklərində təcrübə kursunda olacaqlar.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun həmin gənclərlə görüşündə bildirilib ki, Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində bu ilin ötən dövründə əlilliyi olan 500 gənc üçün peşə kursları təşkil edilib. Onlardan 20-si müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdir.
Əlilliyi olan gənclərimizin Mərkəzdə öyrəndikləri peşələr üzrə xarici təcrübə ilə əyani tanış olaraq həmin təcrübə əsasında bilik və bacarıqlarını artırmalarına da şərait yaradılır.
Bu məqsədlə ötən dövrdə Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin 161, o cümlədən cari ildə 32 yetirməsi Türkiyədəki peşə dərnəklərinə təcrübə kurslarına göndərilib. Həmin təcrübə səfərləri əlilliyi olan şəxslərin sosial reabilitasiyasında da xüsusi önəm kəsb edir.
Səfər Avropa İttifaqının Avropa Həmrəylik Korpusu Proqramı çərçivəsində Agentliyin Türkiyənin Fiziki Məhdudiyyətli Şəxslərin Dərnəkləri Federasiyası ilə birgə layihəsi, “Sağlam Düşüncə” Gənclər Təşkilatı İctimai Birliyi ilə imzaladığı memorandum əsasında, Türkiyə Milli Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.