02.02.2024

Əlilliyi olan gənclərin əl işlərindən ibarət “Sərhədsiz sənətkarlar” adlı sərgi-yarmarka keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Uşaq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə əlilliyi olan gənclərin əl işlərindən ibarət “Sərhədsiz sənətkarlar” adlı #sərgi-yarmarka keçirilib.

Azərbaycan Milli Xalça Muzeyində “Açıq qapı” aksiyası çərçivəsində təşkil edilən və 2 fevral - Gənclər Gününə həsr edilən sərgi-yarmarkada Agentliyin tabeliyində olan Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələrinin əl işləri nümayiş edilib.

Sərgi-yarmarkada Mərkəzdə peşə öyrənən 20 müəllifin ümumilikdə 9 istiqamət üzrə (xalçaçılıq, bədii tikmə, xovlu toxuma, muncuqlarla toxuculuq, bədii oyma, dərzilik, rəssamlıq, vitraj boya, duluşçuluq) 600-ə yaxın əl işinin nümayişi və satışı təşkil olunub.

Tədbir əlilliyi olan gənclərin istedad və bacarıqlarının təbliği, dəstəklənməsi, həmçinin onların cəmiyyətə inteqrasiyasına dəstək məqsədi daşıyır.

Gənclərin asudə vaxtının səmərəli təşkili, onların ölkəmizin zəngin mədəni irsi ilə muzeylər vasitəsilə yaxından tanış olmalarına hesablanan “Açıq qapı” aksiyası 14-29 yaşlı şəxsləri əhatə edib.

Tədbir çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin müəllim və tələbələri konsert proqramı ilə çıxış ediblər.