27.02.2024

Əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələrinin əl işləri “Upcycle Twenty by Sabina Zulalova” layihəsinin təqdimatı tədbirində nümayiş olunub.
Azərbaycan Milli Xalça Muzeyində keçirilən tədbirdə qeyd olunub ki, bu layihə “Qurama” sənətinin elementlərini əks etdirən “Swan-maiden” moda evinin iyirminci ildönümü ilə bağlı ətraf mühitin qorunması və əlilliyi olan insanlara dəstək mövzusunu əhatə edir.
Tədbir çərçivəsində Əlilliyi olan şəxslərin Peşə-əmək reabilitasiyası Mərkəzinin yetirmələri olan 10 müəllifin 5 istiqamət üzrə 400-ə yaxın əl işinin nümayişi və satışı təşkil edilib.
Qeyd edək ki, Peşə-əmək Reabilitasiya Mərkəzində peşə kursu keçən şəxslərə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ustadları tərəfindən “Qurama” milli sənətinin öyrənilməsi üzrə iki aylıq kurs başa çatıb. Əlilliyi olan gənclərin əldə etdikləri biliklərə əsasən hazırladıqları milli geyimlər və çantalar podiumda nümayiş etdirilib və hədiyyələrlə mükafatlandırılıblar.
Mərkəzdə peşə öyrənən 4 nəfəri Vətən müharibəsi əlili olmaqla 5 nəfər gəncə Skillwill neo-universiteti tərəfindən İT üzrə 7 aylıq təlim keçmək üçün sertifikatlar təqdim edilib.