02.12.2023

Əlilliyi olan şəxslərin IX Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin 3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər günü ərəfəsində təşkil etdiyi Əlilliyi olan Şəxslərin IX Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan, “Fəxr edirəm ki, Azərbaycanlıyam!” adlı baxış-müsabiqə əlilliyi olan şəxslərin bacarıq və qabiliyyətlərinin aşkara çıxarılaraq cəmiyyətə təqdim olunması, onların yaradıcı potensialının və cəmiyyətə inteqrasiyasının dəstəklənməsi məqsədi daşıyıb.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Ulu Öndər Heydər Əliyev tərəfindən əlilliyi olan şəxslərə daim xüsusi qayğı göstərildiyini vurğulayıb. Bildirib ki, 30 noyabr 1998-ci ildə Əlilliyi olan Şəxslərin I Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qaliblərinin yekun konsertinin açılışı zamanı Ümummilli Lider Heydər Əliyev əlilliyi olan şəxslərin istedad və qabiliyyətlərinin aşkara çıxarılaraq dəstəklənməsi üçün keçirilən tədbirləri yüksək dəyərləndirib.

Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə əlilliyi olan şəxslərin sosial təminatı daim gücləndirilir, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası üçün ardıcıl işlər aparılır.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan, 2021-ci ilin oktyabr ayında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində isə əlilliyi olan şəxslərin və digər həssas qrupların yaradı potensialının inkişafı və cəmiyyətə inteqrasiyasının gücləndirilməsi istiqamətində mühüm işlər aparılır.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin 30 noyabr 1998-ci ildə Əlilliyi olan Şəxslərin I Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qaliblərinin yekun konserti tədbirində iştirakından videogörüntülər təqdim edilib.

Qeyd edək ki, Əlilliyi olan şəxslərin IX Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinə ölkəmizin müxtəlif regionlarından ümumilikdə 231 nəfər əlilliyi olan şəxs qatılıb.

Qaydalara əsasən, əvvəlcə respublikanın regionları üzrə zona müsabiqələri keçirilib. İştirakçılar 5 nominasiya (muğam-mahnı, rəqs, instrumental ifaçılıq, poeziya, bədii qiraət) üzrə bacarıqlarını nümayiş etdiriblər.

Zona müsabiqələrində fərqlənən 77 nəfər final mərhələsində iştirak edib. Münsiflər heyəti tərəfindən onlardan I, II və III yerlər üzrə 25 nəfər qalib seçilib.

Mərasimdə əlilliyi olan şəxslərin iştirakı ilə konsert proqramı təqdim edilib və baxış-müsabiqəsi qaliblərinə diplom və pul mükafatları təqdim olunub.