30.12.2023

Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində bayram tədbiri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Mərkəzin direktoru Rəhilə Həsrətova peşə öyrənən gəncləri bayram münasibətilə təbrik edərək xoş arzularını ifadə edib.
Tədbirdə əlilliyi olan şəxslərə göstərilən dövlət qayğısından söz açılıb. Mərkəzin xidmətlərindən yararlanan gənclər bayram sevinclərini bölüşərək, onlara göstərilən dövlət qayğısından razılıqlarını ifadə ediblər.
Bayram tədbiri peşə öyrənən gənclərin musiqi dərnəyində hazırladıqları əyləncəli proqramla davam edib.
Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi bu kateqoriyadan olan şəxslərin sosial reabilitasiyası üçün mütəmadi tədbirlər görür. Mərkəzdə  fiziki və yüngül formalı əqli geriliyi olan 15-29 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada kompüter montajı, montajçı operator, dərzilik, toxuculuq, xalçaçılıq, dulusçuluq, aşpaz köməkçisi, ağac üzərində oyma, kişi bərbəri, qadın bərbəri və rəssamlıq üzrə 3-6 aylıq kurslar təşkil olunur.
Mərkəzin yetirmələri mütəmadi olaraq beynəlxalq təcrübə proqramlarına da cəlb olunur. 2023-cü ildə 42 nəfər Türkiyədə keçirilən təcrübə mübadiləsi proqramına göndərilib.