Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində Vətən müharibəsi qəhrəmanları Raqif İsrayılov və Yaşar Əhmədov ilə görüş keçirilib.
Əvvəlcə, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Rəhilə Həsrətova qonaqlara burada göstərilən sosial reabilitasiya xidmətləri barədə məlumat verib. Bildirilib ki, Mərkəzdə 15-29 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada müxtəlif peşələr üzrə 3-6 aylıq kurslar təşkil olunur. Təkcə bu ilin ötən dövründə Mərkəzdə 450-dən çox əlilliyi olan şəxsə xidmət göstərilib.
Qeyd olunan dövrdə Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan 50-dək şəxs peşə-əmək reabilitasiyasına cəlb edilib.
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsində göstərdikləri şücaətə görə qəhrəmanlarımıza minnətdarlıq edilib.
R.İsrayılov və Y.Əhmədov keçdikləri döyüş yolundan, torpaqlarımızın işğaldan azad olunmasında əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqlardan danışıblar. 44 günlük haqq savaşımızda hərbçilərimizin əzmkarlığı, xalqımızın mübarizliyi gənclərin diqqətinə çatdırılıb.
Sonra Mərkəzdə montaj-operator kursunda peşə təlimi keçən gənclər tərəfindən hazırlanmış və Vətən müharibəsinə həsr olunan “Zəfər tariximiz” adlı slayd təqdim edilib.
Görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb, Mərkəzin musiqi dərnəyinin yetirmələrinin ifasında şer və məhnı nümunələri təqdim edilib.