Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin beş yetirməsinə təhsil proqramı və kompüterlər hədiyyə edilib.
Təhsil proqramını əlilliyi olan şəxslərə "Skillwill" neoakademiyası tərəfindən təqdim edilib və informasiya texnologiyaları sahəsində 7 aylıq tədris dövrünü əhatə edir.
Mərkəzin yetirmələrinin bu proqramda fəal iştirakına dəstək olmaq məqsədilə təqdim edilən kompüterləri Sosial Xidmətlər Agentliyi ilə yanaşı, sosial tərəfdaşlar olan Techpro DC, "Arts Council Azerbaijan", "BestComp" şirkətləri təmin edib.
Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov gənclərlə görüşərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Bildirilib ki, Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində bu il 200-dən çox gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib.
Gənclər burada kompüter istifadəçisi, dərzi, bərbər, toxuculuq və s. peşə hazırlığı kurslarına cəlb ediliblər.
Hazırda Mərkəzdə 130-dan çox şəxsin peşə və sosial reabilitasiya kursu davam edir.