22.01.2024

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Əmək və əhalinin sosial müdafiəsi naziri, “Yüksəliş” Təşkilat Komitəsinin üzvü Sahil Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri  İlahə Baxışova Tahirli və  Toğrul Ələkbərovla görüşüb.

Sahil Babayev “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində keçirilən ilk görüşündə müsabiqə qaliblərini əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzu edib. Mentorluq proqramının gedişatı ilə bağlı məlumat verən nazir qaliblərin təcrübə imkanlarını artırmaları və potensiallarının inkişaf etdirilməsi üçün birillik fərdi inkişaf planının əhəmiyyətli təşəbbüs olduğunu vurğulayıb. Bundan əlavə, bu istiqamətdə qaliblərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən zəruri şərait yaradılaraq dəstək göstəriləcəyini əlavə edib.

Əmək, məşğulluq, sosial müdafiə sahələrində son illər aparılan ardıcıl islahatlar, DOST konsepsiyası, sosial sahədə innovativ həllərin, rəqəmsal texnologiyaların geniş tətbiqi işləri, gələcək sosial hədəflər barədə ətraflı məlumat verilib.

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri  İlahə Baxışova Tahirli və Toğrul Ələkbərov əmək və əhalinin sosial müdafiəsi nazirinə Mentorluq proqramı çərçivəsində yaradılan imkana və görüşə görə təşəkkür ediblər.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.