26.06.2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəti kollegiya iclası keçirilib

Əmək, məşğulluq və sosial müdafiə sahələrində e-xidmətlərin dairəsi getdikcə genişləndirilir və daha bir sıra yeni proaktiv xidmətlər də qurulur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqlarına əsasən son illər aparılan sosial islahatlar prosesinin əsas bir istiqaməti olaraq dövlət sosial xidmətlərinin elektronlaşdırılması proqramının icra edildiyini diqqətə çatdırıb. Əhaliyə xidmətlərin şəffaflığının və çevikliyinin, səmərəliliyinin, vətəndaş məmnunluğuna uyğun qurulmasının təmin edilməsində e-xidmətlərin mühüm rolu vurğulanıb.

Nazirliyin 159 xidmətindən 145-i və ya 90 faizdən çoxunun artıq rəqəmsal platformadan, o cümlədən 50-dən çox xidmətin proaktiv  qaydada  təqdim edildiyi qeyd olunub. Hazırda məcburi dövlət sosial sığorta sistemi ilə əlaqəli bir sıra müavinətlərin təyinatı üzrə də proaktiv xidmətlərin yaradılmaqda olduğu bildirilib. Bu il e-sosial internet portalının təkmilləşdirilməsi və funksional imkanlarının artırılması, portalda ən son texnoloji həllərin tətbiqi və s. istiqamətlərdə aparılan işlərdən bəhs olunub.

Təkcə bu il rəqəmsal uğurlara görə Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin 12 beynəlxalq mükafatla təltif edildiyi, e-xidmətlərin tətbiqi sahəsində hazırda 20-dən çox ölkə ilə təcrübə mübadilələrinin aparıldığı bildirilib. 

Cari ilin 5 ayında DOST mərkəzlərində 324 min vətəndaşa xidmət göstərildiyi, bu mərkəzlərdə xidmətlərin çevikliyinin təmin olunması işlərinin davam etdiyi vurğulanıb. Qeyd edilib ki, DOST mərkəzlərində vətəndaşlara xidmətlərin göstərilməsinin orta müddəti bu il də azalmaqda davam edərək, 6 dəqiqə 37 saniyəyə, növbədə gözləmə müddəti isə 2 dəqiqə 15 saniyəyə enib. DOST modelinin Moldovada tətbiqinə ekspert dəstəyinin göstərilməsi, Özbəkistanda dövlət sosial xidmətlər sistemində də DOST təcrübəsindən istifadə edilməsi aparılan təcrübə-məlumat mübadilələrindən bəhs olunub.

Əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahələrində görülən işlər diqqətə çatdırılıb. Bildirilib ki, 2024-cü ilin yanvar-may aylarında 19,4 min şəxsə əlillik təyin edilib, ötən ilin müvafiq dövrünə nisbətən 66 faiz çox olmaqla 44 min nəfər əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib. Həmçinin son beş ayda əlilliyi olan 6,9 min şəxsə 50,8 min reabilitasiya vasitəsi verilib. Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra 473 hərbçi 566 yüksək texnologiyalı protezlə təmin edilib. Bu il müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin qaçış üçün yüksək texnologiyalı xüsusi idman protezləri ilə də təminatına başlanıb.

Ötən il dekabrın 1-dən Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzində fəaliyyətə başlayan “RehaPoint” – reabilitasiya məntəqəsində əlilliyi olan 623 şəxsə reabilitasiya xidmətlərinin göstərildiyi, əlilliyi olan şəxslərə 300-dən çox reabilitasiya vasitəsinin verildiyi diqqətə çatdırılıb.

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, əmək münasibətləri sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, əmək münasibətləri üzrə innovativ nəzarət mexanizimlərinin tətbiqi, əmək sahəsində milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması və s. sahələrdə  aparılan işlər qeyd edilib.

İclasda DOST mərkəzlərinin fəaliyyəti, sosial sahədə e-xidmətlərin dairəsinin daha da genişləndirilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində innovativ həllərin tətbiqi sahələrində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Həmçinin hazırlanmış daha bir sıra peşə və kvalifikasiya standartları müzakirə olunaraq təsdiq edilib.