Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları evdə (səyyar) sosial-məişət xidməti göstərilən ahıl şəxsləri 27 mart - Elm Günündə ziyarət ediblər.
Agentliyin filialları tərəfindən xidmət göstərilən Yevdokiya Xanbəyova biologiya, Sabir Məmmədov kimya, Vidadi Muradov isə memarlıq və şəhərsalma sahələrində müxtəlif illərdə alimlik dərəcələri alıblar.
Agentliyin sosial xidmətçiləri alim ahıllarımızın evinə gedərək onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərirlər.
Əməkdaşlar ahılları "Elm günü" münasibəti ilə təbrik edib, onlara möhkəm can sağlığı və uzun ömür arzu ediblər. Onların bundan sonra da dövlətin qayğısı ilə əhatə olunacağı qeyd edilib.
Ahıllarımız daim diqqətdə saxlanıldıqlarına görə minnətdarlıqlarınını bildiriblər.
Hazırda Sosial Xidmətlər Agentliyi tərəfindən 2449 nəfəri qadın, 739 nəfəri kişi olmaqla ümumilikdə, 3188 nəfərə evdə (səyyar) sosial-məişət xidməti göstərilir.