27.08.2024

Evdə (səyyar) sosial-məişət xidməti göstərilən ahıllar üçün ekskursiya təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən evdə (səyyar) sosial-məişət xidməti göstərilən ahılların asudə vaxtının səmərəli təşkili məqsədilə İsmayıllı rayonunun tarixi yerlərinə ekskursiya təşkil edilib.

Agentliyin Dağlıq Şirvan Regional filialının təşkilatçılığı ilə keçirilən tədbirdə Şamaxı, Ağsu və İsmayıllı rayonunda bu xidmətdən yararlanan 20-yə yaxın ahıl şəxs iştirak edib.

İştirakçılar əvvəlcə Lahıc qəsəbəsinin qədim küçələrini gəzərək misgərlik, dəmirçilik, xalçaçılıq və digər sənətkarlıq sahələri ilə yaxından tanış olublar. Ahıllara Lahıc Tarix-Diyarşünaslıq Muzeyi, Lahıcın tarixi evləri, məscidləri və digər görməli yerlər haqqında məlumatlar verilib.

Sonra iştirakçılar İsmayıllının Namazgah bulağına və Zərnava körpüsünə səfər ediblər.

Həssas əhali qruplarından olan şəxslərin cəmiyyətə inteqrasiyası və sosial reabilitasiyası məqsədi daşıyan görüş çay süfrəsi ətrafında səmimi söhbətlərlə davam edib.