18.02.2023

Gəncədə şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları üçün ödənişsiz tibbi-sosial aksiya təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “Referans Medical Group”la sosial tərəfdaşlığı çərçivəsində şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları üçün ödənişsiz tibbi-sosial aksiya təşkil olunub. 
Gəncə və ətraf ərazilərdə yaşayan bu kateqoriyadan olan şəxslərin cəlb olunduğu aksiya Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. 
Aksiyada “Referans Medical Group”-un 10-dan çox yüksəkixtisaslı həkim və tibb personalı şəhid ailələrinin üzvlərinə və müharibə iştirakçılarına tibbi xidmət göstərib. Terapevt, nevroloq, kardioloq, hepatoloq, radioloq mütəxəssislər tərəfindən müayinələr aparılıb.
Ümümilikdə gün ərzində aksiya iştirakçılarına 100-dən çox tibbi xidmət göstərilib. Həmçinin, həkim təyinatlarına əsasən müharibə veteranları və şəhid ailələrinin üzvləri diaqnostik xidmətlərdən də ödənişsiz istifadə ediblər. Həkim və diaqnostik müayinələrinin nəticələrindən asılı olaraq aksiya iştirakçılarına müvafiq müalicələr yazılıb.