Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “Görmə imkanlari məhdud şəxslər üçün innovativ təşəbbüslərin həyata keçirilməsi” layihəsi çərçivəsində “Tiflo TV” mobil tətbiqi yaradılıb. Tətbiq vasitəsilə bir sıra sənədli və bədii film, eləcə də cizgi filmlər tiflo şərh formatında ssenari halına salınıb.
Tiflotexnologiya görmə imkanları məhdud şəxslərə normal görmə qabiliyyətinə malik istifadəçilərin imkanlarından fərqlənməyən şəkildə texnologiyadan istifadə imkanı verir. Bu texnologiya görmə qabiliyyəti məhdudluğu olan şəxslərin informasiya mübadiləsi problemini həll etməyə kömək edir.
Qeyd edək ki, tətbiqdə görmə imkanları məhdud şəxslərin maraqlarını əsas götürən tanınmış aktyorlar tərəfindən səsləndirilən 50 video material yerləşdirilib. Qeyd edilən kateqoriyadan olan vətəndaşların video materialları izləməsini asanlaşdırmaq üçün ekran videoşərh proqramı tətbiq edilib. “Tiflo TV” mobil tətbiqi, həmçinin virtual gerçəklik təcrübəsini dəstəkləyir.
Mobil tətbiqi həm iOS (Apple Store), həm də Android (Google Play) əməliyyat sistemli smartfonlarda istifadə etmək mümkündür.