28.12.2024

Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə infotur təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə vətəndaş cəmiyyəti institutları nümayəndələrinin infoturu təşkil edilib. İnfotur iştirakçıları müəssisədə yaradılan şəraitlə, burada göstərilən xidmətlərlə tanış olublar. 

Tədbir müəssisədə göstərilən sosial xidmətlər barədə məlumat vermək, həmçinin QHT-lərin bu sahə ilə bağlı rəy və təkliflərini öyrənmək məqsədi daşıyıb. 

Agentliyin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev bildirib ki, müəssisə 2017-ci ildə fəaliyyətə başlayıb. Burada müvafiq istiqamət üzrə 4 şöbə fəaliyyət göstərir. Sonra müəssisə sakinlərinə göstərilən sosial-reabilitasiya xidmətləri ilə əyani tanışlıq olub. Müəssisədə fəaliyyət göstərən şöbələrin iş prinsipi, göstərilən xidmətlərin formaları, müəssisəyə qəbul qaydaları barədə ətraflı məlumat verilib.

Müəssisəyə qəbul olunanlar burada sosial-məişət, sosial-hüquqi xidmətlərlə yanaşı, günlük olaraq qida normaları əsasında yemək, qəlyanaltı, yaşayış yeri və geyimlə təmin edilirlər. 

İnfotur iştirakçılarını maraqlandıran suallar da cavablandırılıb, onların rəy və təklifləri dinlənilib.