10.05.2024

Heydər Əliyev Fondu ölkəmizdə sosial inkişafa mühüm töhfələr verir

Heydər Əliyev Fondu - 20 il

Bu gün Azərbaycanın hərtərəfli inkişafı proseslərində daim yaxından iştirak edərək mühüm xidmətləri ilə seçilən və ictimaiyyətin böyük rəğbət və ehtiramını qazanmış Heydər Əliyev Fondunun yaradılmasının 20 ili tamam olur.

Fond müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, Ulu Öndərin zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılıb. Ötən dövrdə bu istiqamətdə uğurla fəaliyyət göstərən Heydər Əliyev Fondu Azərbaycanı qalibiyyət zirvəsinə yüksəldən Prezident İlham Əliyevin ölkəmizin dinamik inkişafını təmin edən siyasətinin icrası işlərində daim dəyərli töhfələrini verir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu elm və təhsilin, səhiyyənin inkişafında, milli-mədəni dəyərlər sisteminin qorunması və geniş təbliğində, humanizm prinsiplərinin ictimai həyatda möhkəmlənməsində, mədəniyyətlərarası dialoqun gücləndirilməsində, tolerant dəyərlərin qlobal səviyyədə təbliğində mühüm xidmətləri ilə seçilir. Fondun fəaliyyətində sosial sahənin inkişafına, sosial müdafiə sisteminin gücləndirilməsinə, əhalinin həssas qruplarının  diqqət və qayğı ilə əhatə olunmasına, əlilliyi olan şəxslərin reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılmasına ardıcıl dəstək göstərilməsi xüsusi yer tutur.

Heydər Əliyev Fondunun yüksək humanizmin təcəssümü olan və mühüm sosial önəm kəsb edən layihələrindən biri kimi, son illərdə Abşeron rayonunda üç çoxmənzilli yaşayış binası tikilərək dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərin istifadəsinə verilib. “Məzun evi”  sosial xidmət müəssisəsi kimi fəaliyyət göstərən həmin binalarda 365 gənc mənzillə təmin olunub. Həmçinin Fondun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. 

Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə yaralanmış hərbçilərimizin reabilitasiyasına Heydər Əliyev Fondu tərəfindən daim yüksək diqqət və qayğı göstərilir. Fondun “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi bunun daha bir əyani təzahürüdür. Layihə çərçivəsində həmin əsgər və zabitlərimiz Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin ediliblər. 

Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının genişləndirilməsi üçün Heydər Əliyev Fondu tərəfindən Naxçıvan, Gəncə və Yevlaxda onlar üçün regional informasiya mərkəzləri də yaradılıb. Bu mərkəzlərdə gözdən əlilliyi olan və görmə imkanları məhdud insanlara informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə internetə çıxış, internetdə informasiyanın tapılması və s. üçün imkanlar yaradılıb.

Eyni zamanda, Heydər Əliyev Fondu əlilliyi olan uşaq və gənclərin əl işlərindən ibarət sərgilərin təşkilinə, yaradıcılıq potensialının inkişafına öz mühüm dəstəyini göstərir. Fond tərəfindən sosial xidmət müəssisələrində, habelə Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində mütəmadi olaraq xeyirxah aksiyalar, dövlət himayəsində yaşayanlara, aztəminatlı ailələrə dəstək məqsədli ardıcıl tədbirlər təşkil olunur. 

Heydər Əliyev Fondu özünüməşğulluq proqramının genişləndirilməsi işlərində də dəyərli dəstəyini verir. Fondun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Sosial bağlar” layihəsi çərçivəsində son illərdə yüzlərlə aztəminatlı ailə üçün intensiv meyvə bağları, tərəvəz və bostançılıq təsərrüfatları yaradılıb.

Bütün bunlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsində, həssas qruplara diqqət və qayğının artırılmasında  Fondun böyük dəstək olduğunu göstərir və cəmiyyət tərəfindən yüksək dəyərləndirilir.