Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Qazax rayonunda növbəti ictimai dinləmə keçirilib. Qazax rayon Ədəbiyyat Muzeyində təşkil olunan tədbir “Himayədar ailə” qayğı modeli barədə məlumatlandırma mövzusuna həsr olunub.
Görüşdə Agentliyin, dövlət və bələdiyyə orqanlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, təhsil işçiləri, kollec tələbələri və müəllim heyəti, Bakı Dövlət Universitetinin Qazax filialının müəllim və tələbə heyəti, eləcə də mövzu ilə bağlı müraciət edən vətəndaşlar iştirak ediblər.
Ümumilikdə 150-yə yaxın şəxsin iştirak etdiyi tədbir zamanı Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri, həssas əhali qruplarından olan şəxslərə göstərilən sosial xidmətlər, bu sahədə operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib.
Qazax rayon icra hakimiyyəti başçısının müavini, İctimai,siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülayə Həsənova “Himayədar ailə” qayğı modeli barədə fikirlərini bildirib.
Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdir müavini Əhməd Mansurov “Himayədar ailə” qayğı modeli, bu modelin üstünlükləri, müraciət formaları və digər vacib məqamlar barədə iştirakçıları məlumatlandırıb. Eləcə də, “Himayədar ailə” institutunun hüquqi əsasları və himayədar valideyn olmaq istəyən şəxslərin qiymətləndirmə prosesi barədə təqdimatlar edilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.