20.11.2023

İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin təşkilatçılığı ilə Gəncədə maarifləndirici tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin təşkilatçılığı ilə Gəncədə maarifləndirici tədbir keçirilib.

Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində keçirilən görüş “İnsan alverinin uşaqlara xas aspektləri və uşaqların internet vasitəsilə cinsi istismara və ya zorakılığa cəlb olunması” mövzusuna həsr olunub.

Tədbirdə iştirak edən müəllim-şagird kollektivinə İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyəti, burada göstərilən xidmətlər, insan alveri qurbanları ilə aparılan sosial reabilitasiya işləri barədə məlumatlar verilib.

Mərkəzin əməkdaşları insan alveri mövhumu, onun mahiyyəti və formaları, qanunvericilikdə necə təsbit olunmasından danışıblar.

Görüşdə iştirakçıları maraqlandıran istiqamətlər üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.

Qeyd edək ki, görüş Prezident İlham Əliyevin 2020-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na əsasən keçirilib.