Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirmə görüşü keçirilib.
Tədbir Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq təşkil olunub.
“Uşaqların təhsildən yayınması və baxımsızlığı insan alverinə şərait yaradan səbəblərdən biri kimi” mövzusuna həsr olunan dəyirmi masada hər iki qurumun nümayəndələri, eləcə də Qubada fəaliyyət göstərən digər dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və rayon ümumtəhsil məktəblərinin psixoloqları iştirak ediblər.
İştirakçılara Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri, həssas əhali qruplarından olan şəxslərə göstərilən sosial xidmətlər və İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi barədə məlumatlar verilib.
Qeyd olunub ki, mərkəzin əsas funksiyası insan alveri qurbanları və insan alverinin potensial qurbanları ilə sosial işin aparılması, habelə insan alveri qurbanlarının sosial reabilitasiyası vasitəsilə onların cəmiyyətə reinteqrasiyasına və normal həyat tərzinə qaytarılmasına köməklik göstərilməsidir.
Çıxışlarda həmçinin insan alveri mövhumu, onun mahiyyəti və formaları, qanunvericilikdə necə təsbit olunmasından danışılıb, bu kimi hallarla qarşılaşmamaq üçün diqqət edilməli məqamlar barədə məlumatlar verilib.
Dəyirmi masada uşaqların təhsildən yayınması və baxımsızlığı, erkən nikah və bunların səbəb olduğu insan alveri probleminin aktuallığına, həmçinin onun həll yollarına diqqət çəkilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.