31.07.2023

İnsan alverinə qarşı mübarizə günü ilə bağlı Naxçıvanda maarifləndirici görüş keçirilib

İnsan alverinə qarşı mübarizə günü ilə bağlı Naxçıvanda maarifləndirici görüş keçirilib.

İnsan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planının tələblərinə uyğun olaraq keçirilən tədbirlər davam etdirilir. Növbəti tədbir İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Naxçıvan regional “ASAN xidmət” mərkəzinin könüllüləri üçün təşkil edilib.

Görüş zamanı insan alverinə qarşı mübarizəylə bağlı beynəlxalq səviyyədə dövlətlər arasında imzalanan anlaşma, protokol, konvensiya və dövlətlərarası qarşılıqlı yardım sənədləri barədə məlumat verilib. Könüllülər İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyəti, burada göstərilən xidmətlər, insan alveri qurbanları ilə aparılan sosial reabilitasiya işləri barədə məlumatlandırılıb.

Sonda insan alveri ilə mübarizə üsullarından və bu sahədə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edilib. Mövzuya dair geniş müzakirələr aparılıb, könüllüləri maraqlandıran suallar cavablandırılıb.