18.10.2024

Lənkəranda uşaqlar üçün master-klas təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Lənkəranda 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün master-klas keçirilib. 

20 oktyabr - Beynəlxalq Kulinariya Gününə həsr olunan tədbirdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və evdə (səyyar) sosial-məişət xidməti göstərilən ahıl şəxslər iştirak ediblər. Tədbir həssas əhali qruplarından olan şəxslərin asudə vaxtının səmərəli təşkili, eyni zamanda onların sosial reabilitasiyasına dəstək olmaq məqsədi ilə təşkil edilib. 

Əvvəlcə uşaqlara aşpazlıq peşəsinin sirləri və Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində təşkil edilən aşpazlıq kursu barədə ətraflı məlumatlar verilib. 

Sonra təşkil edilən master-klasda azyaşlılar milli mətbəximizə aid olan yeməkləri hazırlamaq imkanı əldə ediblər. Peşəkar aşpazların müşayiəti ilə hazırlanan yeməklər evdə (səyyar) sosial-məişət xidməti göstərilən ahıllara təqdim edilib. 

Sonda iştirakçılar üçün rayon ərazisindəki çay plantasiyalarına gəzinti təşkil edilib.