06.11.2023

Məhkumların sosial adaptasiyası istiqamətində görülən işlərə dair onlayn görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Ədliyyə Nazirliyinin Probasiya xidmətinin birgə təşkilatçılığı ilə məhkumların sosial adaptasiyası istiqamətində görülən işlərə dair onlayn görüş keçirilib. 

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Pərviz Səfərov Agentlik tərəfindən bu istiqamətdə aparılan işlər, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış şəxslərin sosial mühitə uyğunlaşdırılması məqsədilə göstərilən fəaliyyət barədə ətraflı məlumat verib. 

Bildirilib ki, Probasiya xidmətində olan məhkumların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin qarşısının alınması məqsədilə hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər həyata keçirilir. 
           
Şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış şəxslərin sosial-psixoloji xidmətə tələbatının qiymətləndirilməsi istiqamətində Sosial Xidmətlər Agentliyi tərəfindən aparılan sosial iş” mövzusunda təqdimat nümayiş etdirilib. 

Sonra hər iki qurumun əməkdaşlarının iştirakı ilə məhkumların sosial adaptasiyası ilə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib. 

Bu kimi görüşlərin davamlı olacağı bildirilib və növbəti seminarların gündəliyi müəyyənləşdirilib. 

Sonda Probasiya xidmətində olan məhkumların sosial adaptasiyası istiqamətində koordinasiyalı işin təşkili məqsədi ilə regional işçi qrupların yaradılması və birgə fəaliyyətə dair Tədbirlər Planının hazırlanması ətrafında geniş müzakirələr aparılıb.