Moldova Respublikasının Milli Sosial Sığorta Kassasının baş direktoru Yelena Tsıbırnanın rəhbərlik etdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində olub.
Agentliyin sədri Vüqar Behbudov qonaqlara Agentliyin fəaliyyət istiqamətləri, qurumun 12 filialı və 13 müəssisəsi tərəfindən həssas qruplara səyyar, stasionar və yarımstasionar formada göstərilən sosial xidmətlər barədə məlumat verib.
Son illər sosial xidmətlərə əlçatanlığın artırılması üçün atılan addımlar, bu xidmətlərin əhatə dairəsinin genişləndiyi, sosial xidmətlər infrastrukturunun müasir tələblərə uyğun qurulduğu qeyd olunub.
Dövlət başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”na əsasən ölkədə sosial xidmətlər sisteminin inkişaf etdirilməsi üçün qarşıda duran hədəflər diqqətə çatdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyi arasında imzalanmış, əməkdaşlıq istiqamətləri üzrə 2023-2024-cü illərdə görüləcək işləri əhatə edən Fəaliyyət Planı çərçivəsində keçirilən görüşdə sosial xidmətlər sahəsində təcrübə mübadiləsi aparılıb, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.