30.10.2024

Narkomaniya ilə mübarizəyə həsr olunan “Sağlam ruh, sağlam gələcək” adlı görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi  tərəfindən Sabunçu Gənclər Evində “Sağlam ruh, sağlam gələcək” adlı təlim təşkil edilib. 

Respublika Narkoloji Mərkəzin klinik psixoloqu, Bakı Dövlət Universitetinin müəllimi, təlimçi-psixoloq Ramin Allahverdiyevin keçdiyi təlimdə Agentliyin Sosial Xidmət Mərkəzlərinin psixoloqları, Probasiya Xidmətinin əməkdaşları, eləcə də sosial reabilitasiya xidmətlərinə cəlb edilən uşaqların valideynləri iştirak ediblər. 

Təlimin məqsədi yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili, xidmət fəaliyyətinin inkişaf etdirilməsi, bu sahədə çalışan mütəxəssislərin bilik, bacarıq və peşəkarlıq səviyyəsinin artırılmasıdır. 

Görüşdə narkomaniyaya qarşı mübarizə üsullarından, narkotik maddələrdən istifadənin risk amilləri və sağlamlığa zərərli təsirlərindən bəhs edilib. Cəmiyyətdə bu problemin qarşısının alınmasında ailələrin bu sahədə maarifləndirilməsinin vacibliyi vurğulanıb. 

Qeyd olunub ki, yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, onların idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmaları üçün şəraitin yaradılması narkotikə meyilliyin qarşısının alınmasında mühüm rol oynayır.