Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya qalib gəl, gələcəyini qazan!” mövzusunda maarifləndirici görüş keçirilib.
Onlayn görüşdə hər iki qurumun əməkdaşları iştirak edib. Məqsəd respublikanın şəhər və rayonlarında gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə yeniyetmə və gənclərə xidmət göstərən dövlət müəssisələrinin fəaliyyətinin inkişaf etdirilməsi, həmçinin bu sahədə çalışan mütəxəssislərin bilik-bacarıqlarının və peşəkarlıq səviyyəsinin artırılması üçün zəruri tədbirlərin görülməsidir.
Çıxışlarda Sosial Xidmətlər Agentliyinin fəaliyyəti, probasiya nəzarətində olan şəxslərin Agentlik tərəfindən sosial-psixoloji adaptasiyası prosesi, narkotik asılılığından əziyyət çəkən şəxslərə psixoloji yardım və maarifləndirmə tədbirlərindən danışılıb.
Həmçinin probasiya nəzarətində olan narkotik asılılığından əziyyət çəkən şəxslərlə aparılan islah prosesi barədə də məlumatlar verilib.
Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.