29.04.2024

Naxçıvan Dövlət Texniki Kollecində insan alverinə qarşı mübarizəyə həsr olunmuş görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecinin kollektivi üçün insan alverinə qarşı mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib. 

Tədbirdə kollecin direktoru Asəf Ruşanov, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Həbibə Qəribova, Muxtar Respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin şöbə müdiri Həsən Abbasov, psixoloqlar və müəllim-tələbə kollektivi iştirak edib. 

Çıxışlarda mövzunun aktuallığına diqqət çəkilib, həssas əhali qrupları ilə aparılan işlərdən danışılıb. 

Bildirilib ki, yaxın vaxtlarda Naxçıvanda məişət zorakılığı və insan alveri qurbanları üçün sosial xidmət müəssisələri yaradılacaq. 

İştirakçılara Agentliyin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyəti, insan alveri və potensial insan alveri qurbanlarına göstərilən yardımlar və onların cəmiyyətə reinteqrasiyası ilə bağlı ətraflı məlumatlar verilib. 

Tələbələr insan alveri mövhumu, onun mahiyyəti, formaları, insanların aldadılıb xarici ölkələrə aparılaraq qurbana çevrilməsi təhlükələri barədə məlumatlandırılıblar. Sonra bu kimi hallara qarşı mübarizə üsullarından danışılıb və mövzuya dair müzakirə aparılıb.