30.12.2023

Nazirlik tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 200 mənzil və fərdi ev verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərində, eləcə də ölkəmizin 23 şəhər və rayonunda ümumilikdə 200 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.  

4 saylı DOST Mərkəzində keçirilən tədbirdə mənzillərin sənədlərini əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov təqdim edib. O, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin dövlətin qayğısı ilə əhatə olunduqlarını vurğulayıb. 

Bildirilib ki, imtiyazlı şəxslərin mənzillə təminatı tədbirlərinə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanıb və ötən dövrdə uğurla davam etdirilib. 

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişlənib. 

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il 1500, postmüharibə dövründə 6000, ümumilikdə ötən dövrdə 14800 mənzil və fərdi ev verilib. 

Mənzillərin sənədlərini əldə edən şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.