16.08.2024

Nərimanov Sosial Xidmət Mərkəzi fəaliyyət göstərdiyi müddətdə 100 uşağa reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Nərimanov Sosial Xidmət Mərkəzində 100-ə yaxın uşaq reabilitasiya xidmətlərinə cəlb edilib. Hazırda 50-dən çox uşaq mərkəzdə ⁠reabilitasiya xidmətlərindən yararlanır.  

1 ildir fəaliyyətə başlayan Sosial Xidmət Mərkəzində müasir tələblərə uyğun şərait yaradılıb. Mərkəz 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial reabilitasiya işini həyata keçirir. Burada sosial işçi, psixoloq, sosial pedaqoq, loqoped və aktiv terapevt tərəfindən reabilitasiya ehtiyaclarının qiymətləndirilməsi aparılır.  

Uşaqlar fərdi olaraq və qrup şəklində sosial-reabilitasiya xidmətlərinə cəlb edilir. Mərkəzdə valideynlərin bilik və bacarıqlarının artırılması məqsədilə də müxtəlif tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin bu sahədə dörd ixtisaslaşmış Sosial Xidmət Mərkəzi fəaliyyət göstərir. Ötən dövrdə mərkəzlərin xidmətlərindən 648 nəfər 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaq yararlanıb.