15.09.2023

Nərimanov Sosial Xidmət Mərkəzində 20-ə yaxın uşaq müvafiq sosial xidmətlərə cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Nərimanov Sosial Xidmət Mərkəzində hazırda 20-ə yaxın uşaq reabilitasiya xidmətlərinə cəlb edilib. 
Sosial Xidmət Mərkəzi 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial reabilitasiya işini həyata keçirir. Mərkəzdə sosial işçi, psixoloq, sosial pedaqoq, loqoped və aktiv terapevt tərəfindən reabilitasiya ehtiyaclarının qiymətləndirilməsi aparılır. 
Xidmət Mərkəzinə qəbul növbəlilik əsasında həyata keçirilir. Müraciət edən ailənin məlumat forması doldurulduqdan sonra uşağın ilkin qiymətləndirmə nəticələrinə uyğun olaraq, o, fərdi inkişaf planına əsasən fərdi və qrup şəklində reabilitasiya xidməti ilə təmin olunur.
Burada mütəmadi olaraq valideynlərin bilik və bacarıqlarının artırılması məqsədilə də fəaliyyət və tədbirlər həyata keçirilir. 
Qeyd edək ki, bu mərkəz Sosial Xidmətlər Agentliyinin bu sahədə fəaliyyət göstərən sayca üçüncü ixtisaslaşmış sosial xidmət mərkəzidir. Daha öncə Abşeron və Sabunçu rayonlarında belə mərkəzlər fəaliyyətə başlayıb və ötən dövrdə bu xidmət 500-dən artıq 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı əhatə edib.