Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Nərimanov Sosial Xidmət Mərkəzində sosial reabilitasiya proqramına cəlb olunan 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların iştirakı ilə Azərbaycan Milli İncəsənət Muzeyində 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr olunmuş “Vətənə sevgi” adlı tədbir keçirilib.
Tədbirin həyata keçirilməsi uşaqların təlim-tərbiyəsində vətənpərvərlik və milli ruhun ön plana çəkilməsinə istiqamət vermək, həmçinin onların emosiya və hisslərini ifadə etməsinə, psixoloji və emosional inkişafına dəstək olmaq məqsədi daşıyıb.
Muzeyin əməkdaşları tərəfindən uşaqlara Azərbaycanın tarixi haqqında təqdimat nümayiş olunub. Tədbir çərçivəsində Uşaq İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən İnklüziv Art Studiyanın rəhbəri və müəllimi Fuad Musayev tərəfindən art terapiya üzrə ustad dərsi keçilib. Uşaqlar valideynləri ilə birgə muzeyin “Qədim Azərbaycan” adlı ekspozisiyasına keçid alaraq Azərbaycanın qədimi silah kolleksiyasına baxış keçiriblər.
Sonda uşaqlara hədiyyələr verilib.