Ölkəmizdə səfərdə olan Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində olublar.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Pərviz Səfərov Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Nazgül Saqindikovanın başçılıq etdiyi nümayəndə heyətinə Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirilib ki, Sosial Xidmətlər Agentliyinin bütün ölkəni əhatə edən 12 filialı və 13 müəssisəsi ilə bütün yaş kateqoriyalarından olan əhaliyə səyyar, stasionar və yarımstasionar formada xidmətlər göstərilir.
Qonaqlar 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində göstərilən xidmətlər haqqında məlumatlandırılıblar. Bildirilib ki, müəssisədə bu kateqoriyadan uşaqlara müəyyən edilmiş rejimə və fərdi iş planına uyğun xidmət və qayğı göstərilir, həmin uşaqların abilitasiyası və reabilitasiyası həyata keçirilir. Həmçinin uşaqların yaşı və sağlamlıq imkanları nəzərə alınaraq onların ilkin biliklərə və peşə bacarıqlarına yiyələnməsi, fiziki tərbiyəsi və s. istiqamətlərdə işlər aparılır.
Nümayəndələr müəssisədə fəaliyyət göstərən şöbələrin iş prinsipi, göstərilən xidmətlərin formaları ilə əyani tanış olub, müəssisəyə qəbul qaydaları və onları maraqlandıran digər məsələlərlə bağlı ətraflı məlumatlandırılıblar.
Müəssisənin sakinləri tərəfindən hazırlanan mahnı və rəqs kompozisiyaları, eləcə də müxtəlif səhnəciklər maraqla qarşılanıb.