22.02.2024

Ölkəmizə qaytarılmış daha 7 repatriantla bağlı sosial-reabilitasiya dəstək tədbirlərinə başlanıb

Azərbaycan Hökuməti tərəfindən Suriyadan ölkəmizə repatriasiya olunmuş daha 7 nəfər vətəndaşımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən qarşılanaraq sosial xidmət müəssisəsinə yerləşdirilib.

Onlardan 2-si qadın, 5-i uşaqdır.

İlkin olaraq repatriasiya olunmuş hər bir şəxsin sosial-psixoloji qiymətləndirməsi həyata keçirilir. Bunun əsasında müvafiq sosial reabilitasiya planı hazırlanır, daha sonra sosial işçi və psixoloq tərəfindən sosial reabilitasiya prosesi başlayır.

Sosial adaptasiya prosesinin aparılması və müəssisədə olduqları müddətdə asudə vaxtlarının səmərəli təşkili məqsədilə onlar müxtəlif fəaliyyətlərə cəlb edilir.

Sosial Xidmətlər Agentliyi son illərdə İraq və Suriyadan ölkəmizə repatriasiya olunmuş 500-dən çox şəxs sosial reabilitasiya və re-inteqrasiya xidmətləri ilə əhatə olunub.