27.01.2024

Peşə-Əmək Reabilitasiya Mərkəzində 605 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib

2023-cü ilin sosial göstəriciləri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində 2023-cü ildə 605 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib.

Onlardan əlilliyi olan 362 gənc kompüter istifadəçisi, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, aşpaz köməkçisi, xalçaçılıq, rəssamlıq, dulusçuluq, kulinariya və s. peşə hazırlığı kurslarında olub. Digərləri isə sosial reabilitasiya xidmətləri ilə təmin edilib.

Mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunurlar.

Hazırda Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində 141 nəfərin peşə və sosial reabilitasiya kursu davam edir.

İndiyədək ölkəmizin bütün bölgələri üzrə 3055 gənc həmin mərkəzdə peşə və sosial reabilitasiya kursu keçib.