Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi ilə “Karlara Dəstək” İctimai Birliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Tədbirdə Mərkəzin direktoru Rəhilə Həsrətova Mərkəzin fəaliyyəti və tədris edilən peşə kursları barədə məlumat verib. Bildirib ki, burada müxtəlif peşələr üzrə (ağac üzərində oyma, toxuculuq, rəssamlıq, xalçaçılıq, dərzilik, aşpaz köməkçisi, dulusçuluq, qadın bərbəri, kişi bərbəri, kompüter montajı, montajçı operator) 3-6 aylıq kurslar təşkil olunur.
İctimai Birliyin sədri Kamran Abasov təşkilatın fəaliyyət istiqamətləri, eşitmə və nitq qabiliyyəti məhdud şəxslərə göstərilən dəstək barədə məlumat verib. İki qurum arasında əməkdaşlığın həssas əhali qruplarından olan şəxslərə göstərilən xidmətlərin əhatə dairəsinin, eləcə də keyfiyyətinin artırılmasında önəmini vurğulayıb.
Müqaviləyə əsasən “Modelyer-dizayner" peşə hazırlığı proqramlarına eşitmə və nitq qabiliyyəti məhdud şəxslərin cəlb edilməsi istiqamətində əməkdaşlıq aparılacaq.