11.12.2023
Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 126 min şəxsə 322 min xidmət göstərilib
Prezident İlham Əliyevin tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketinin icrası davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan bu paket çərçivəsində postmüharibə dövründə:
- şəhid ailələri üzvləri və müharibə veteranları olan 104 min şəxsə 117 min aylıq sosial ödəniş, 21,9 min şəxsə birdəfəlik ödəniş təyin olunub;
- şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara yönələn sosial ödənişlər hər il artırılıb, müharibə veteranlarına aylıq təqaüd təyin edilib;
- şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 5 600 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 374 avtomobil təqdim edilib;
- şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min nəfərə 54,5 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib;
- müharibə ilə əlaqədar əlilliyi olan 2058 şəxs 48 min reabilitasiya vasitəsi, o cümlədən 453 şəxs 472 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub;
- şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 20,5 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,3 min şəxs özünüməşğulluq proqramına cəlb olunub;
Postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 126 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 322 min xidmət göstərilib.
Paylaş: