Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə Ədliyyə Nazirliyinin Probasiya xidmətinin birgə təşkilatçılığı çərçivəsində “Probasiya nəzarətində olan şəxslərin sosial-psixoloji adaptasiyası istiqamətində yeni trendlər” adlı onlayn elmi konfrans keçirilib.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib ki, konfrans Ümumdünya Sosial İş Günü və “Konstitusiya və Suverenlik İli”nə həsr olunub.
Bildirilib ki, Agentlik 2023-cü ildən etibarən Probasiya Xidməti ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində bir çox əhəmiyyətli layihələr həyata keçirilib.
Birgə fəaliyyətin məqsədi, şərti məhkum edilmiş şəxslərə və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş insanlara sosial-psixoloji dəstək vermək, onların cəmiyyətə reinteqrasiya prosesini asanlaşdırmaq və həyat keyfiyyətlərini artırmaqdır.
Probasiya Xidmətinin rəisi Vüqar Ağayev iki qurum arasındakı əməkdaşlığın əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu fəaliyyətlə həmin şəxslərin cəmiyyətdə öz yerlərini tapmaları, yeni sosial bacarıqlar qazanmaları və həyatlarında müsbət dəyişikliklər etmələri mümkün olub.
Türkiyə probasiya qurumunun rəhbəri Hüseyin Şık Probasiya nəzarətində olan şəxslərə göstərilən sosial xidmətlər mövzusunda çıxış edib.
Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva, Ankara Universitetinin professoru Dr. Elif Gökçearslan, Bakı Dövlət Universitetinin rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov və digər çıxışçılar Probasiya nəzarətində olan şəxslərlə aparılan işlərdən, bu istiqamətdə diqqət edilməli olan məqamlardan danışıblar.
Sonda mövzu ərafında geniş müzakirələr aparılıb.