10.04.2025

QHT nümayəndələri ilə məişət zorakılığına qarşı mübarizə mövzusuna həsr edilən görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində məişət zorakılığına qarşı mübarizə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirilib. 

Təşkil edilən görüşün məqsədi vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsidir. 

Agentliyin İdarə Heyəti sədrinin müavini Pərviz Səfərov qonaqlara Agentliyin fəaliyyət istiqamətləri və məişət zorakılığına qarşı mübarizə sahəsində həyata keçirilən sosial layihələr barədə məlumat verib. 

Agentliyin fəaliyyətində məişət zorakılığından zərər çəkmiş şəxslərin rifahının yaxşılaşdırılması, hüquqlarının qorunması və cəmiyyətdə hərtərəfli inkişafının təmin edilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb. 

Vətəndaş cəmiyyəti institutlarının rəhbərləri müvafiq sahədə dövlət qurumları ilə əməkdaşlığın vacibliyinə diqqət çəkiblər. 

Görüşdə mövzu ətrafında fikir mübadiləsi aparılıb və əməkdaşlıq perspektivləri müzakirə edilib.