Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin əməkdaşları tərəfindən Qubada insan alverinə qarşı mübarizə mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Elm və Təhsil Nazirliyinin Quba şəhərində fəaliyyət göstərən ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbində və Quba Dövlət Sosial-İqtisadi Kollecində keçirilən görüşlərdə şagirdlər, tələbələr və müəllimlər iştirak ediblər.
İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin sosial işçisi və psixoloqu tədbir iştirakçılarına mərkəzin fəaliyyəti və göstərilən xidmətlər barədə məlumat veriblər.
İştirakçıların diqqətinə çatdırılıb ki, mərkəzdə insan alveri və potensial insan alveri qurbanları ilə sosial reabilitasiya işi aparılır, eləcə də onların cəmiyyətə reinteqrasiyasına və normal həyat tərzinə qaytarılması məqsədilə addımlar atılır.
Çıxışlarda insan alverinin mahiyyətindən və növlərindən danışılıb, bu kimi hallarla qarşılaşmamaq üçün maariflənmənin vacibliyinə diqqət çəkilib.
Sonda mövzuya dair müzakirələr aparılıb və suallar cavablandırılıb.