30.01.2023

Qurumlararası əməkdaşlıq üzrə Koordinasiya Şurası yaradılıb

Məktəbəqədər və ümumtəhsil müəssisələrində uşaqların müdafiəsi, onlarla bağlı müvafiq hallarda çevik sosial dəstək tədbirlərinin görülməsi üçün aidiyyəti qurumlar arasında Koordinasiya Şurası yaradılıb.
Bununla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsində görüş olub.
Görüşdə İdarənin müdiri Mehriban Vəliyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktorunun müavini Anar İsrafilov, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov və b. iştirak ediblər.
Qeyd olunan qurumlar arasında Koordinasiya Şurasının yaradılmasının təhsil prosesi iştirakçıları olan uşaqların mənafelərinə uyğun tədbirlərin həyata keçirilməsi üçün məlumatların və müraciətlərin çevik mübadiləsi, qanunvericiliyə uyğun təsirli müdaxilənin təmin edilməsi baxımından önəmi vurğulanıb.
Sonda müvafiq qurumlar arasında əməkdaşlıq Protokolu imzalanıb.