17.03.2025

Şəhid Leytenant Ravil Hümbətovun ailəsi ziyarət olunub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Novruz bayramı ərəfəsində şəhid Leytenant Ravil Hümbətovun ailəsini ziyarət edib. Şəhidimizin yadigarı olan qızları Şəms və Melisa ilə görüşüb. 

Ravil Hümbətov 2022-ci ilin sentyabr ayında aparılan hərbi əməliyyatlar zamanı Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. O, həmçinin 44 günlük Vətən müharibəsində də iştirak edib. 

Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə şəhidimiz “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib. 

Qeyd edək ki, şəhidin ailəsi Nazirlik tərəfindən ikiotaqlı mənzillə təmin edilib. Ailəyə sosial ödənişlər təyin edilib və digər sosial dəstək tədbirləri həyata keçirilib. 

Ziyarət zamanı şəhidimizin vətənpərvərliyindən, eləcə də 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətlərdən bəhs edilib. Bütün şəhidlərimiz kimi Ravil Hümbətovun da əziz xatirəsinin hər birimizin qəlbində əbədi yaşayacağı vurğulanıb. Ailənin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağı diqqətə çatdırılıb.