07.11.2024

Sənin Qəhrəmanın - Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan Şəmsi Məmmədov

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin giziri, Vətən müharibəsi əlili Şəmsi Lətif oğlu Məmmədov 1994-cü ildə Tovuz rayonu Dondar Quşçu  kəndində anadan olub. Orta təhsilini Tovuz rayonunda alıb.

44 günlük Vətən müharibəsində Kəlbəcər, Cəbrayıl, Xocavənd, Şuşa istiqamətlərində gedən qızğın döyüşlərdə fəal iştirak edib.  24.10.2020-ci il tarixində Şuşa şəhəri uğrunda gedən döyüşlər zamanı yaralanıb.

Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Şuşanın azad olunmasına görə” , “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “İgidliyə görə”, “Şücaətə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

Üç övladı olan Şəmsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Səbail rayonu ərazisində yerləşən yaşayış kompleksində mənzillə təmin olunub.