25.01.2024

Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında əlaqələrin daim genişlənməkdə olduğunu qeyd edib. O, iki ölkənin dövlət başçılarının bu əlaqələrin inkişafına xüsusi diqqət ayırdığını vurğulayıb.

Azərbaycanda son illər aparılan sosial islahatlar barədə səfirə məlumat verilib. Ötən ilin noyabr ayında İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilmiş 5-ci konfransının İƏT-ə üzv ölkələr arasında əlaqələrin inkişafında önəmi diqqətə çatdırılıb. 

Səudiyyə Ərəbistanı Krallığı ilə sosial sahədə də ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün aparılan işlərdən bəhs olunub. 2021-ci ildə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının İnsan Resursları və Sosial İnkişaf Nazirliyi arasında imzalanmış əməkdaşlıq sənədinin əhəmiyyəti qeyd edilib.  

İssam bin Saleh əl-Cuteyli ölkələrimiz arasında əlaqələrin daim inkişaf etməsinin, əmək və sosial müdafiə sahəsində də əməkdaşlığın genişlənməkdə olmasının məmnunluq doğurduğunu bildirib. Görüşdə iki ölkə arasında sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.