10.06.2024

“Sevgi dolu bir ürəyəm" adlı inklüziv konsert təşkil olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində "Sevgi dolu bir ürəyəm" adlı inklüziv konsert təşkil olunub. 
 
Dövlət qurumlarının rəhbər şəxsləri, millət vəkilləri, Agentliyin sosial tərəfdaşları, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial müdafiəsi sahəsində həyata keçirilən tədbirləri diqqətə  çatdırıb.
 
Bildirilib ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti həssas əhali qruplarından olan şəxslərin, o cümlədən bu kateqoriyaya aid uşaqların sosial müdafiəsi və reabilitasiyası sahəsində tədbirlərin ildən-ilə gücləndirilməsinə imkan yaradıb. Həmin şəxslərin yaradıcı potensialının dəstəklənməsi də əsas prioritetlərdən biridir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də əlilliyi olan şəxslərin, digər həssas qrupların bacarıqlarının inkişaf etdirilməsində mühüm rola malikdir.
 
Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, inklüziv yaradıcılıq mühitində bacarıqlarının inkişaf etdirilməsi istiqamətində aparılan işlər qeyd edilib. Bu işlərin bir istiqaməti olaraq belə inklüziv tədbirlərin də təşkil olunduğu bildirilib. Həmçinin Sosial Xidmətlər Agentliyi tərəfindən bu kateqoriyadan olan uşaqların səyyar, stasionar və yarımstasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edildikləri vurğulanıb.
 
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova tədbirin əhəmiyyətinə diqqət çəkib. Bildirib ki, bu kimi layihələr uşaqların reabilitasiyasında xüsusi rola malikdir. 
 
Sonra Agentliyin əlilliyi olan uşaqlar üçün 1 saylı sosial xidmət müəssisəsinin benefisiarlarının, eyni zamanda Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Xoreoqrafiya Akademiyasının tələbələrinin ifasında milli, müasir və klassik rəqslər, caz və estrada vokalı, instrumental kompozisiyalar təqdim edilib.
 
Tədbir həssas kateqoriyadan olan uşaqların cəmiyyətə inteqrasiyası, yaradıcı potensiallarının dəstəklənməsi məqsədi daşıyıb.