31.10.2023

Şirvanda “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici görüş keçirilib

Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial  Xidmətlər Agentliyinin  İnsan Alveri  Qurbanlarına Yardım Mərkəzinin və Gənclər və İdman Nazirliyinin Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Erkən nikah-insan alverinə  şərait yaradan amillərdən biri kimi” mövzusunda  maarifləndirici tədbir keçirilib. 

“Uşaq hüquqları aylığı” çərçivəsində təşkil edilən görüşdə hər iki qurumun nümayəndələri, eləcə də Şirvan rayon gəncləri və şagirdlər iştirak edib. 

İştirakçılara uşaq hüquqlarının yaranma tarixi, yerli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə məlumatlar verilib. 

İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin nümayəndələri Mərkəzin fəaliyyəti, insan alveri qurbanlarına göstərilən xidmətlər və insan alveri mövhumu, onun mahiyyəti və formaları, həmçinin uşaqlara xas aspektləri barədə təqdimatlar ediblər. 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və müzakirələr aparılıb.