21.04.2025

Sosial işçilərin bilik və bacarıqlarının artırılması məqsədilə təlim təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin bir qrup əməkdaşı üçün təlim təşkil edilib. 


Agentliklə Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil edilən təlim “Uşaqlarda zorakılığın aşkar olunması və bu prosesdə sosial işçilərin rolu” mövzusuna həsr olunub. 

İki günlük təlimə Sosial Xidmətlər Agentliyinin müxtəlif şöbə və müəssisələrində çalışan 25 sosial işçi cəlb olunub. 

Məqsəd uşaqlara qarşı zorakılıq hallarının müəyyənləşdirilməsi və aşkarlanması üzrə yeni və effektiv metodların tətbiqi, eləcə də sosial işçilərin fəaliyyətində qurumlararası və kompleks yanaşmanın təkmilləşdirilməsidir. 

İştirakçılar ailə və məktəblə qarşılıqlı əməkdaşlıq, ailə üzvləri ilə fərdi iş, hadisələrin düzgün təhlili, zorakılıq qurbanlarına dəstəyin istiqamətləri, risklərin qiymətləndirilməsi və digər mühüm istiqamətlərdə məlumatlandırılıblar. 

Təlimdə interaktiv metodlara geniş yer verilib, müzakirələr aparılıb, iştirakçılar qruplar halında real situasiyaları təhlil etmək imkanı qazanıblar.