Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili" layihəsi çərçivəsində xidmət göstərən psixoloqların bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün onlayn təlim təşkil edilib.
Təlimdə Agentliyin Sosial sifarişlər və layihələr departamentinin müdiri Fərhad Allahverdizadə və Agentliyin əməkdaşı Elnarə Əhmədova ümumi təlimatlandırıcı məlumatlar veriblər. Təlim zamanı sosial reabilitasiya işi üzrə uşağın inkişafının psixoloji qiymətləndirilməsi, koqnitiv və qavrama bacarıqlarının qiymətləndirilməsi, fərdi reabilitasiya planı hazırlayarkən diqqət edilməli məqamlar mövzusunda geniş diskussiya aparılıb. Sonda iştirakçıların sualları cavablandırılıb və müvafiq izahatlar verilib.
Təlimin məqsədi 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin hər biri ilə müvafiq profilə uyğun sosial reabilitasiya işi aparmaq, onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyasını təmin etməkdir.
Qeyd edək ki, sözügedən layihə çərçivəsində 15 rayonda Sosial Reabilitasiya Mərkəzləri fəaliyyət göstərir. Mərkəzlərdə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər və onların ailələri sosial-psixoloji, abilitasiya, ailəyə dəstək və maarifləndirmə xidmətlərindən yararlanırlar.