15.11.2024

Sosial Xidmət Mərkəzlərində “Uşaq hüquqları aylığı” çərçivəsində görüşlər keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sosial Xidmət Mərkəzlərində psixososial reabilitasiya proqramına cəlb olunan uşaqların valideynləri ilə görüşlər keçirilib. 

“Kiçik uşaqların böyük hüquqları” adlı maarifləndirici görüşlər “Uşaq hüquqları aylığı” çərçivəsində təşkil edilib. 

Tədbirlərin məqsədi valideynlərin uşaq hüquqları ilə bağlı məlumatlılıq səviyyəsini artırmaq, ailədaxili münasibətlərin uşaqların tərbiyəsinə təsiri, uşaqların gündəlik həyatda üzləşə biləcəyi xoşagəlməz hadisələrdən müdafiəsi ilə bağlı fikirlərə diqqət çəkməkdir. 

Çıxışlarda uşaqların təhlükəsizliyində valideynlərin və böyüklərin rolundan, bu istiqamətdə diqqət edilməli məqamlardan danışılıb. 

İnteraktiv şəkildə keçirilən görüşlərdə valideynlər fikirlərini və təcrübələrini bölüşüblər. Sonda iştirakçıların sualları cavablandırılıb.