18.12.2024

Sosial xidmət müəssisəsində görmə qabiliyyəti məhdud 126 şəxsə reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində görmə qabiliyyəti məhdud şəxslər də reabilitasiya xidmətləri ilə təmin olunur. 

Sosial Xidmətlər Agentliyi yarandığı vaxtdan Müəssisənin Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsində bu kateqoriyadan olan 126 nəfər şəxsə müxtəlif reabilitasiya xidmətləri göstərilib. 

Burada əlilliyi olan 5-29 yaşlı şəxslər reabilitasiya və abilitasiya xidmətlərinə cəlb edilir. Onlar müəssisəyə stasionar formada qəbul olunur. 

İlkin qiymətləndirmə nəticəsində müəyyən edilmiş fərdi inkişaf proqramına uyğun olaraq onlara sosial-tibbi, pedaqoji, idman, mədəniyyət və incəsənət, sosial-psixoloji, eləcə də sosial reabilitasiya xidmətləri göstərilir.