21.02.2024

Sosial Xidmətlər Agentliyi “Azerbaijan Poultry Company” MMC ilə xüsusi qayğıya ehtiyacı olan şəxslərə dəstək məqsədilə əməkdaşlıq edəcək

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə “Azerbaijan Poultry Company” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.
Tədbirdə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qonaqlara həssas əhali qruplarına göstərilən səyyar, stasionar və yarımstasionar sosial xidmətlər barədə məlumat verib. Vətəndaşların xidmətlərə əlçatanlığının daha da yüksəldilməsi, xidmət şəbəkəsinin genişləndirilməsi istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb.
V.Behbudov qeyd edib ki, Agentlik fəaliyyət istiqamətlərinə uyğun olaraq bir sıra dövlət və özəl təşkilatlarla əməkdaşlıq edir. Bu əməkdaşlıqlar və Agentliyin sosial tərəfdaşları vasitəsilə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarımızın sosial dəstək tədbirləri ilə əhatə olunmasına töhvə verilir.  
“Azerbaijan Poultry Company” MMC-nin direktoru Pərviz Hacıyev bildirib ki, “LU-MUN Holdinq” MMC-nin 4 törəmə təsərrüfat cəmiyyətlərindən biri olan Azerbaijan Poultry Company 2012-ci ildən fəaliyyətə başlayaraq bazarda “Mərcan” toyuq və toyuq məhsulları brendi ilə tanınıb. Şirkətin prioritet hesab etdiyi Sosial Korporativ Məsuliyyət prinsipi çərçivəsində əsas fəaliyyətlərindən biri də xüsusi diqqət və qayğıya ehtiyac duyan həssas qrupa aid insanlara mütamadi yardımların göstərilməsidir. Bununla yanaşı kimsəsiz uşaqların sağlam addımlarla gələcəyə hazırlanması, cəmiyyət üçün faydalı vətəndaş olması istiqamətində işlər aparılır.  
Memoranduma əsasən tərəflər növbəti 1 il ərzində təcrübəli kadrların yetişdirilməsi və inkişafı məqsədi ilə birgə fəaliyyətlər icra edəcək, həmçinin qarşılıqlı maraq kəsb edən mövzularda təlimlər, seminarlar və digər proqramları icra edəcəklər.
Əməkdaşlıq çərçivəsində Azerbaijan Poultry Company Sosial Xidmətlər Agentliyinin Gəncə şəhər məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün qarışıq tipli uşaq evinin bir qrup sakini üçün “Barista” kursları da təşkil edəcək. Peşə təliminin sonunda 15-17 yaşlı 12 uşaq barista bacarıqlarına yiyələnərək sertifikatla təmin ediləcək, gələcəkdə işlə təmin olunma şansı qazanacaqlar.